Şuşaya getmədilər  - ABŞ, Fransa, Rusiya səfirliklərini boykot edək – Müzakirə

12:45 13.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar. Niyə? Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin Şuşaya səfərdən imtinası  siyasi və diplomatik demarş kimi qiymətləndirilməklə hansı adekvat reaksiyasını almalıdır? Nəzərə alsaq ki, hər üç dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir...

Biz ictimaiyyət olaraq ABŞ, Fransa, Rusiya səfirliklərini boykot etməliyik

Milli Məclisin deputatı Fəzail Ağamalı hafta.az-a açıqlamasında bildirib ki, Fransa, ABŞ, Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etməsi ilə bağlı sərgilədiyi ədalətsiz mövqeni birmənalı olara pisləyir. Onun fikrincə, bu, Minsk Qrupu həmsədrlərinin Ermənistanın yanında olmasına söykənən ənənəvi siyasətinin bir epizodudur.

“Uzun illər boyu Minsk Qrupu Birləşmiş Millətlər Təşkilatından aldığı mandatı mahiyyəti üzrə reallaşdıra bilmədi. İşğal olunmuş torpaqlarımızın işğalda qalması üçün Ermənistana mümkün olan və olmayan köməkləri göstərdi. Artıq 44 günlük müharibədə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin Ermənistan üzərində qələbəsindən sonra situasiya tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və bu reallığı da yaradan Azərbaycan oldu. Biz əslində heç vaxt ATƏT-in Minsk Qrupunun üzvlərindən ədalət, obyektivlik gözləməmişik.  Onlar ədalətə, beynəlxalq hüquqa hörmət etsəydilər  30 il zaman kəsiyində Ermənistanı ciddi sanksiyalarla üz-üzə qoyardılar.  Ermənistanı torpaqları işğaldan azad etməyə məcbur edərdilər. Bunu ordumuz etdi. ATƏT-in Minsk Qrupu üzvləri öz ideyalarına sadiq qalaraq Ermənistanda revanşist qüvvələrin yanındadır.  Paşinyanı sığallamaqda, onu stimullaşdırmaqda davam edirlər. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində ermənilər yenə də atəşkəs rejimini pozmaqdadırlar.  Məhz Amerikanın, Rusiyanın, Fransanın Ermənistanın yannda olması erməniləri ruhlandırır və elə güman edirlər ki, Azərbaycana qarşı öz məkirli planlarını yerinə yetirmək şansı qazanacaqlar. Və hələ də illüziyalara qapılırlar ki,  Azərbayacanın ərazilərində yaşayan ermənilərə status veriləcək və arzu etdikləri formada yaşayışlarını təmin edəcəklər. Amerikanın, Fransanın, Rusiyanın bu münasibəti kökündən yanlışdır. Bu ölkələrin səfirləri işğala məruz qalmış və xarabalığa çevrilmiş rayonlarımızda olmadılar. İndi Şuşaya da getmədilər.”.

Bu gün Ameriaka ilə Rusiyanın qarşı-qarşıya dayanan  ac canavarlar kimi bir-birini yeməyə hazır olduğunu deyən deputat, bu dövlətlərin regionda yürütdüyü məkirli siyasətə diqqət çəkib.

“ABŞ və Avropa İttifaqında olan Fransa Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Rusiyanın Abxaziya və Osetiyadan çıxmasını tələb edir, Moldovanın ərazi bütövlüyünü tanıyır, Krımın ilhaq edilməsini qətiyyətlə pisləyir və ona görə Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Şərqi Ukraynanın Rusiyanın nəzarəti altına keçməsində çox hirsli görünür və bunu Rusiyaya bağışlamaq istəmir. Ancaq Azərbaycan bu gün BMT-nin, ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü öhdəliklələri yerinə yetirir,  yenə də bunlar ədalətin, haqqın yanında deyillər. Bu,  məkirli, ikiüzlü, riyakar bir mövqedir”.

F.Ağamalı  hesab edir ki, Azərbaycan Rusiya, Fransa və Amerikanın bu mövqeyinə öz tərəfindən adekvat cavablar verməlidir:

“Nə siyasətçilər, millət vəkilləri, jurnalistlər, nə də onların mayalandırdığı QHT adı altında gizlənən 5-ci, 6-cı, 10-cu kolonun adamları bu səfirliklərin tədbirlərinə qatılmamalıdır. Biz iradəmizi ortaya qoymalıyıq. Dövlət yəqin ki, öz tədbirlərini görəcək. Hətta ABŞ, Fransa, Rusiya mallarının alınmasını da boykot eləməliyik. Gedib məhsullarını Ermənistanda satsınlar”.

Rusiya, Fransa və Amerika erməni lobbisindən çəkindiyi üçün Şuşaya səfər etmədi

Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a açıqlamasında bildirib ki, səfirlərin Şuşaya səfərdən imtinası 30 ildir regionda heç bir irəliləyişə nail ola bilməyən  ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədər apardığı siyasətin gözəl illüstrasiyasıdır.

“Minsk Qrupu dövlətlərinin və  digər beynəlxalq təşkilatların regionda görməli olduğu işləri Azərbaycan silahlı qüvvələri  həyata keçirdi.  Eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək torpaqları azad etdi və 100 minlərlə Azərbaycan vətəndaşının öz evlərinə qayıtmasına şərait yaratdı. Minsk Qrupu özünün acizliyini indiyə qədər nümayiş etdirib və bu, indi də davam edir. Əslində diplomatların gedib Azərbaycanın mədəniyyət paytaxtını, eləcə də Qarabağın azad olunmuş bölgələrində vandalizmin işarələrini  görmək və həqiqətləri öz ölkələrinə, ictimaiyyətə ötürməkdən kənarda dayanıblar.  Bu, həmin dövlətlərin indiyə kimi apardığı işlərin tam məntiqi davamıdır”.

A.Mollazadə eyni zamanda adıçəkilən üç ölkənin erməni diaspora və lobbisinin təsiri altında hərəkət etdiyini qeyd edib. Onun sözlərinə görə, bu üç ölkədə  dünyanın ən böyük erməni icması və lobbi təşkilatları fəaliyyət göstərir.

“Çox güman ki, ABŞ, Rusiya, Fransa dövlətinin elçiləri ermənilərin təzyiqindən çəkinərək bu səfərdən imtina ediblər”.

Deputat bildirib ki, artıq münaqişə olmadığına görə Minsk Qrupuna və onun fəaliyyətinə ehtiyac yoxdur. 

“Münaqişə olmadığına görə də bu diplomatlar Şuşaya, Qarabağa səfər etməyi zəruri hesab etməyiblər.  Məsələ ondan ibarətdir ki, hər bir ölkənin diplomatı elçi olduğu ölkə ilə bağlı öz dövlətini məlumatlandırmalıdır.  Deməli, erməni vandallığı, cinayətləri ilə bağlı bu ölkələrin məlumatları daha az olacaq. Digər ölkələrin  nümayəndəri isə Azərbaycanın Qarabağa qayıdış planı ilə bağlı öz ölkələrini məlumatlandıracaqlar və onların  Qarabağdakı fəaliyyəti daha aktiv olacaq.  Səfirlərin bu imtinasına qarşı hansısa addımların atılmasına da ehtiyac görmürəm. Onsuz da özləri özlərini kənarlaşdırırlar”.

A.Mollazadə hər üç dövlətin Azərbaycandakı səfirlərinin qismində regiona səfər etməməsini  Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın işğaldan azad olunmasına etiraz kimi dəyərləndirilməsini istisna edib. Onun sözlərinə görə, hər üç dövlət,  BMT TŞ da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sadəcə olaraq erməni lobbisinin təsiri ilə öz fəaliyyətlərini məhdudlaşdırıblar.

Bu dövlətlər göstərmək istəyirlər ki, Şuşa gələcək statusda ermənilərin nəzarətinə verilməlidir

Politoloq Məhəmməd Əsədullazədə hafta.az-a şərhində bildirib ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin ölkəmizdəki səfirlərinin Şuşaya səfərdən imtina etməsi bu dövlətlərin heç də neytral qalması deyil.

Politoloq hesab edir ki, bu dövlətlər göstərmək istəyirlər ki, münaqişə davam edir və status məsələsi növbəti mərhələdə qaldırılmalı, danışıqlar davam etdirilməlidir.

“Bununla da həmsədr dövlətlər ermənilərlə eyni mövqedə olduqlarını göstərdilər. Halbu ki, onların bu mövqeyi ilk növbdə Ermənistan -Azərbaycan əlaqələrini daha da böhran vəziyyətinə çatdırmaq, həmçinin  Azərbaycan ərazisində erməni separatizminə stimul verməkdir. Bu dövlətlər göstərmək istəyirlər ki, Şuşa gələcək statusda ermənilərin nəzarətinə verilməlidir.  Hesab edirəm ki, Azərbaycan konkret olaraq Minsk Qrupu vasitəçiliyindən imtina etməlidir. Minsk Qrupu dövlətlərin səfirlərinin bu səfərdən imtina etməsini artıq kuliminasiya nöqtəsi kimi dəyərləndirmək olar.  Azərbaycan tərəfinin atacağı ilk addım Minsk Qrupunun tərkibindən çıxamaqdır, onu da yaxın müddətdə  həll etməliyik”.

Politoloq bildirib ki, bu hadisə bir daha göstərdi ki,Azərbaycan xalqı Minsk Qrupunda olan dövlətlərə etibar etməməlidir.  Çünki onların fəaliyyəti Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünüə təhdiddir.

“Cəmiyyət, siyasi partiyalar bu məsələdə eyni mövqe sərgiləməlidir. Azərbaycan tərəfi bu üç dövlətdən izahat tələb etməlidir. Onların bu addımları erməni separatizmini müdafiəsinə yönəlir. Ermənilər bundan istifadə edib Rusiyanın məsuliyyət zonasında olan ərazilərdə təxribatlara da gedə bilər.  Azərbaycanın Minsk Qrupundan imtinası ölkəmizin əleyhinə olmayacaq. Çünki Azərbaycan Türkiyə, Pakistanla sırf siyasi, hərbi-texniki əməkdaşlığa malik ölkədir.  Şuşa Bəyannaməsi də Azərbaycana qarşı hansısa təzyiqləri neytrallaşdırıb”.